Soydaşlarımızın Qələbə təbrikləri davam edir
Xaricdə yaşayan soydaşlarımız Azərbaycanın Zəfər Günü və 10 dekabr tarixli Qələbə Paradı münasibətilə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevi, Azərbaycan xalqını və ordusunu təbrik etməkdədirlər.
Türkiyənin Ankara şəhərindən Rövşən Bərxudarov, Kayseri Azərbaycanlı Tələbələr Birliyi və Türk Dünyası Tələbələr Birliyinin sədri Əlixan Məhərrəmli, İsrailin Aşkelon şəhərindən Şloma Amirov, Rusiyanın Dərbənd şəhərindən “Dədə Qorqud” fondunun direktoru Rafiq Mövsümov, Moskva şəhərindən Tofiq Dadaşov, Moskva şəhərinin Qərb inzibati dairəsində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri, hüquqşünas Əli Kazımov, "Moskva vilayətinin İstra şəhər dairəsinin Azərbaycan icması" yerli ictimai təşkilatının sədri Ramil Əliyev, Saratov şəhərindən Bəhram Qasımov, Samara şəhərindən Rəhman Əliyev, Arxangelsk vilayətindən Hüseyn Əliyev, Ulyanovsk vilayətindəki "Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti"nin sədri İslam Hüseynov, Krasnoyarsk diyarının Minusinsk şəhərindən Ruslan Gülməmmədov, Ukraynanın Xarkov vilayətindəki Ukrayna-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Murad Ömərov, Polşanın Varşava şəhərindən Zaur Əsədzadə, Özbəkistanın Daşkənd şəhərindən güləş üzrə SSRİ, Asiya və Dünya çempionu Mais İbadov, Qazaxıstandan Almatı Azərbaycanlılar Cəmiyyətinin sədri, hüquq elmləri namizədi Qəhrəman Sadıyev, Kostanay vilayətindəki "Birlik" cəmiyyətinin sədri Rafail Hacıbalayev və Tbilisi şəhərindən Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzinin icraçı direktoru Rafiq Hümmətov dövlət başçımıza ünvanladıqları təbrik məktublarında torpaqlarımizin işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması kimi böyük tarixi hadisə ilə qürur duyduqlarını bildiriblər.
Qeyd edilib ki, tarixi Qələbə Azərbaycan Prezidentinin cəsarətli və müdrik komandanlığının, qətiyyətli strateji və taktiki qərarlarının, əvəzolunmaz siyasi təcrübəsinin və Azərbaycan ordusunun qorxmazlığının nəticəsində əldə olunub.
"Bu Qələbə 2783 şəhidimizin adı ilə birlikdə Azərbaycanımızın, eləcə də bütün türk dünyasının qədim və qüdrətli tarixinə qızıl hərflərlə yazıldı. Müharibədə şəhid verdik, lakin xalqımızın başı ucaldı, qürurlandıq. Cənab Ali Baş komandan, Vətənimiz naminə gördüyünüz bütün işlərə görə Sizə minnətdarıq. Sizinlə və şanlı Ordumuzla fəxr edirik!", - deyə soydaşlarımız bildirirlər.