Azərbaycanın Ukrayna Konqresi xalqımızı təbrik edib
Azərbaycanın Ukrayna Konqresi Vətən müharibəsində qazandığı böyük Qələbə münasibətilə Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla bütün xalqımızı təbrik edib.
Bu münasibətlə Konqresin Diasporla İş üzrə Dövlət Komitəsinə ünvanladığı təbrik məktubunda bildirilib ki, Ermənistan rəhbərliyinin məqsədyönlü siyasəti səbəbindən Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli uzun illər nəticəsiz qalıb, son iki il ərzində isə danışıqlar tamamilə dayandırılıb və Azərbaycan dövləti işğal olunmuş torpaqlarını hərbi yolla azad etməyə məcbur olub.
Azərbaycanın multikultural dəyərlərə malik olduğuna, təkcə öz ölkəsində deyil, dünyanın bir çox ölkələrində dini, tarixi və mədəni abidələri bərpa etdiyinə bütün dünyanın şahid olduğunu yada salan Konqres üzvləri rəsmi Bakının öz əzəli torpaqları olan Qarabağ bölgəsində də belə davranacağından, sülhü, rifahı bərqərar edəcəyindən əmin olduqlarını bildiriblər.
Təbrik məktubu "Çoxmillətli Azərbaycan xalqı Vətən müharibəsində bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!, Yaşasın Ali Baş Komandan İlham Əliyev!, Yaşasın şanlı Azərbaycan Ordusu!, Yaşasın Azərbaycan xalqı!" - şüarları ilə yekunlaşır.