Gənc soydaşımızın çəkdiyi film növbəti dəfə uğur qazanıb

16.12.2020

ABŞ-ın Kaliforniya ştatında yaşayan soydaşımız Məltəm Sadıqovanın müəllifi olduğu "Ghost Bikes" ("Kabus motosikletlər") adlı qısametrajlı sənədli filmi Los- Ancelesdə keçirilən ənənəvi tələbə filmi festivalının “Ən Yaxşı Sosial Təsirli Film” nominasiyasında birinci yerə layiq görülüb.

Latın Amerikası Sinemateka Cəmiyyətinin təşkil etdiyi müsabiqəyə 200 film təqdim olunub. Məltəm Sadıqova öz filminin ssenarisini 16 yaşında yazıb, çəkib və montaj edib. Cəmiyyətin hər il təşkil etdiyi müsabiqə Los-Angeles bölgəsində yaşayan gəncləri və tələbələri film çəkməyə təşviq edir və qısametrajli filmlərin nümayiş olunmasını təmin edir.

COVİD-19 pandemiyası ilə bağlı məhdudiyyətlər üzündən "Ghost Bikes" onlayn olaraq 18 dekabr tarixində nümayiş olunacaq (https://www.lacla.org/sff2020). Sonra münsiflər heyəti filmin seçilmə səbəbini izah edəcəklər.

Sevindirici haldır ki, bu, filmin aldığı ikinci mükafatdır. 2020-ci ilin mayında film Amerikanın Notre Dame Universitetinin tələbə filmi müsabiqəsində "Yaxşılığın Gücü" nominasiyası üzrə "Ən yaxşı film" adına layiq görülüb.

Qeyd edək ki, istedadlı gənc soydaşımız Məltəm Sadıqova “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabının müəllifi Fəridə Sadıqova-Buyuranın qızıdır.

Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi olaraq gənc soydaşımızı təbrik edir və gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.