"Sülh və arzular: uşaqların gözü ilə" adlı virtual sərgi təşkil edilib

16.12.2020

Niderland Krallığının Mine Mark Fondunun təşəbbüsü ilə "Sülh və arzular: uşaqların gözü ilə" adlı virtual rəsm sərgisi öz işinə başlayıb. Sərginin dekabrın 15-dən gələn il fevralın 15-dək müddəti əhatə edəcəyi nəzərdə tutulub.

Məqsəd – müharibənin qalıqları sayılan partlayıcı maddələrin təhlükəli olmasına, münaqişə zonalarında və ondan kənarda yaşayan uşaqların baxışlarındakı fərqə diqqəti cəlb etmək, eləcə də mina riskləri ilə bağlı maarifləndirmədir.

Sərgidə Azərbaycan, Avstraliya, Belçika, Bosniya və Herseqovina, Xorvatiya, Almaniya, İtaliya, Niderland, Norveç, Polşa və Ukrayna olmaqla müxtəlif ölkələrdən 102 uşağın ərsəyə gətirdiyi rəsmlər nümayiş etdirilir.

Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Diaspor Qadınları Şəbəkəsi və Azərbaycan Gənclik Platformasının dəstəyi ilə ölkəmizin Bakı, Ağdam, Şuşa, Şəmkir, Cəbrayıl, Tərtər, Cocuq Mərcanlı, Ağstafa, Laçın və Zəngilan daxil olmaqla müxtəlif bölgələrindən olan uşaqlar, o cümlədən məcburi köçkün uşaqları sərgidə iştirak edir.

Qeyd edək ki, Mine Mark Fondu insanların mina təhlükələrindən uzaq yaşadığı bir dünyanın mövcud olmasını hədəfləyən qeyri-hökumət təşkilatıdır. 2019-cu ildə Mine Mark Fondu Azərbaycanın Cocuq Mərcanlı kəndinə səfər edərək, uşaqlar üçün mina təhlükəsizliyi haqqında proqram həyata keçirib.

Virtual sərgini aşağıdakı linkdən izləmək mümkündür: https://www.minemarkexhibition.org/