Azərbaycanlı rejissorun qısametrajlı filmi ABŞ-dakı festivalda qalib olub

16.12.2020

ABŞ-ın Pensilvaniya ştatında yaşayan azərbaycanlı rejissor Elmar Bayramov növbəti uğura nail olub. Həmvətənimizin rejissoru olduğu "Ladybug" ("Uğur böcəyi") qısametrajlı filmi Florida ştatının Koko Biç (Cocoa Beach) şəhərində keçirilən "15 Minutes of Frame" film festivalinda “Ən yaxşı sosial film” nominasiyası üzrə qalib olub. Autizm sindromlu uşaqlara həsr edilən filmdə Azərbaycanın görkəmli sənətkarı Rəşid Behbudovun ifasinda “Laçın” mahnısı səsləndirilib.

"Ladybug" qısametrajlı filmin rejissor ve ssenari müəllifləri Elmar Bayramov və Elçin Ağazadə, operator Tərlan Haqverdiyev, montajçı Elmar Bayramov və icraçı prodüsser Anar Yəhyadır, rollarda Fatimə Əliyeva və Ülviyyə Rza çəkiliblər.

Qeyd edək ki, Azərbaycandan ABŞ-a köçən Elmar Bayramov Pensilvaniya ştatında rejissor kimi çalışır. Onun “Oops” qısametrajlı filmi də bir müddət əvvəl "Urban Action Showcase" festivalında “Döyüş” nominasiyası üzrə ən yaxşı film seçilib və "Let me run" filmi "Best USA Film" ("Ən yaxşı ABŞ filmi") nominasiyası üzrə qalib olub.

Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi olaraq soydaşımızı əldə etdiyi uğurları münasibətilə təbrik edir və gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.