Gürcüstandakı soydaşlarımız ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər

15.12.2020

Gürcüstanda ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş videokonfrans keçirilib. Azərbaycanın Gürcüstandakı səfirliyinin bu ölkədəki azərbaycanlı icması ilə birlikdə gerçəkləşdirdiyi virtual tədbirdə azərbaycanlı diplomatlar və Gürcüstan ictimaiyyətinin nümayəndələrindən ibarət 70-dək şəxs iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev öncə videokonfrans iştirakçılarını ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin Vətən müharibəsində qazandığı parlaq Qələbə münasibətilə təbrik edib.

Sonra səfir iki ölkə arasındakı əlaqələrin tarixi, münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində, xalqlarımızın dostluğunun inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri barədə ətraflı məlumat verib.

Ümummilli liderin Gürcüstandakı soydaşlarımızla bağlı qayğıkeş siyasətini davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan tərəfinin Gürcüstan iqtisadiyyatına milyardlarla ABŞ dolları məbləğində sərmayə yatırdığı, bu ölkədə, xüsusilə azərbaycanlıların sıx yaşadığı regionlarda orta məktəblər, uşaq bağçaları, idman zalları və digər sosial obyektlərin təmir-tikintisinin həyata keçirildiyi, "1+4" proqramı ilə Gürcüstanın ali təhsil müəssisələrində oxuyan minlərlə soydaşımızın təhsil haqlarının ödənildiyi nəzərə çatdırılıb.

"Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsini 44 günlük Vətən müharibəsində gördük. Mənfur düşmənimiz və bütün dünya Azərbaycan dövlətinin gücünün, qüdrətinin, siyasi-iqtisadi, hərbi inkişafının şahidi oldu" – deyə səfir vurğulayıb.

Tədbirdə Azərbaycanın Batumi şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə, 2016-2020-ci illərdə Gürcüstan parlamentinin deputatları olmuş Ruslan Hacıyev, Mahir Dərziyev və Azər Süleymanov, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Rafiq Hümmət, Azərbaycanın Gürcüstandakı İş Adamları Birliyinin rəhbəri Nəriman Qurbanov, “İnteqrasiya” Elmi-Mədəni Araşdırmalar Mərkəzinin sədri Akif Xansultanlı, Gürcüstanın Lider-Media Təşkilatının və “24news.ge” saytının rəhbəri Azər Məmmədov, Gürcüstanın Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva, professor Mahmud Kamaloğlu, “Dostluq yolu” İctimai Təşkilatının rəhbəri Tapdıq Yolçuyev, teatrşünas Namiq Hacıyev, Gürcüstan Azərbaycanlıları Konqresinın sədri Hüseyn Yusubov, Elmi Araşdırmalar Assosiasiyasının sədri Ehtiram Əmirxanlı, ictimai fəal Nərgiz Əliyeva çıxış ediblər.

Natiqlər ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramlarını bildirərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunan şanlı Zəfər münasibətilə Azərbaycan xalqını təbrik ediblər.