Fransadakı azərbaycanlılar xalqımızı təbrik ediblər
Fransa Azərbaycanlıları Koordinasiya Şurasının İşçi Qrupunun üzvləri tarixi Qələbəmiz münasibətilə xalqımıza təbrik məktubu ünvanlayıblar.
Məktubda qeyd edilib ki, 44 günlük müharibə onlara həm də Fransanı tam olaraq tanıtdırıb. Haqq-ədalət, söz və mətbuat azadlıqlarının carçısı olduğunu güman etdikləri Fransa öz ifrat ermənipərəst, birtərəfi və qərəzli mövqeyi ilə azərbaycanlıları məyus edib: "Əsgərlərimizin uğurları bizi nə qədər sevindirirdisə, Fransanın bizim haqqımızda xoş sözlərlə bəhs etməməsi, əvəzində erməni işğalçılarının hər addımını işıqlandırması bizi çox məyus edirdi".
Bildirilib ki, bu müddət ərzində sosial media şəbəkələrində hesablarının bloklanmasına, çəkildikləri verilişlərin "qayçılanmış" şəkildə efirə verilməsinə baxmayaraq, soydaşlarımız öz mübarizələrindən əl çəkməyiblər. Hər həftə prezident Emmauel Makrona göndərilən məktublarda Azərbaycan həqiqətlərindən bəhs edir, Milli Assambleyanın 577 deputatına və Senatın 338 senatoruna müraciətlərində qanunvericiləri beynəlxalq konvensiyalara əməl etməyə, Ermənistanın işğalçı mövqeyini deyil, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu dəstəkləməyə çağırıblar.
Paris şəhərinin meri Anna İdalqonun Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması barədə təklifinə etiraz bildirilirb, işğal edilmiş torpaqlarımızda milli-mədəni və tarixi irsimizin ermənilər tərəfindən məhv edilməsi, yararsız hala salınması UNESCO-nun nəzərinə çatdırılıb. Fransa parlamentariləri məyusedici qərarlar qəbul etsə də, geniş fransız auditoriyasına Azərbaycanın mövqeyini çatdırmaq mümkün olub.
Soydaşlarımız hesab edirlər ki, məhz 44 gün ərzində xalq olaraq bir yumruq kimi birləşdik, Azərbaycanın dostlarını və düşmənlərini tanıdıq: "Gələcəyə inamımız böyükdür! Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!".