Medford şəhərində xeyriyyə aksiyası təşkil edilib
Nyu England-Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə ABŞ-ın Massaçusets ştatının Medford şəhərində xeyriyyə aksiyası keçirilib.
Aksiya zamanı azərbaycanlı xanımlarının təşəbbüsü ilə hazırlanan Azərbaycan və türk milli mətbəx nümunələrinin “Freerange Market”də satışı təşkil edilib. Mağazanın sahibi Cenk Emre Azərbaycan-Türkiyə diasporlarının birliyini və həmrəyliyini nümayiş etdirərək, xeyriyyə aksiyasının baş tutması üçün soydaşlarımıza bütün şəraiti yaradıb.
Qeyd edək ki, Meyndəki Azərbaycan Cəmiyyəti də öz nümunələri ilə xeyriyyə aksiyasına qatılıb.
Satışdan əldə edilən vəsaitin Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin, eləcə də işğalçı Ermənistan ordusu tərəfindən Azərbaycan şəhərlərinin bombalanması zamanı qətlə yetirilən və yaralanan şəxslərin ailə üzvlərinə göndərilməsi nəzərdə tutulub.