Korbetta şəhər şurası ölkəmizin haqlı mövqeyini dəstəkləyib

08.12.2020

İtaliyanın Lombardiya bölgəsinin Milan vilayətinin Korbetta şəhər şurası "Biz Corbettada yaşayırıq" siyasi təşkilatının vəsatəti əsasında Azərbaycanın ərazi bütövlüyünü və haqlı mövqeyini dəstəkləyən bəyanat yayıb. Korbetta şəhər şurasının sədri Marko Ballarinin facebook səhifəsində yayımlanmış bəyanatda 44 günlük Vətən müharibəsi ilə öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan dövlətinə dəstək və xalqımızla həmrəylik ifadə olunub.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət əlaməti olaraq qəbul edilən müraciətdə bildirilib ki, Dağlıq Qarabağ münaqişəsi, məhz Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkar siyasəti nəticəsində başlayıb. Ermənistanın, Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon daxil olmaqla, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini işğal etdiyi, bu ərazilərdə və Xocalı şəhərində yaşayan azərbaycanlı mülki şəxslərə qarşı müharibə cinayətləri və soyqırım törətdiyi, 1 milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə siyasətini həyata keçirdiyi nəzərə çatdırılıb.

Qeyd edilib ki, 30 il ərzində Ermənistan tərəfindən böyük haqsızlığa, hərbi təcavüzə məruz qalan Azərbaycan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarının uğurlu olmasına çalışıb, lakin Ermənistanın bəyanatları, təxribat xarakterli hərəkətləri və dağıdıcı mövqeyi ilə münaqişəsinin həlli üşün aparılan danışıqlar tamamilə dayandırılıb. Bu ilin 27 sentyabr tarixindən isə, məhz Ermənistanın qəsdən və qərəzli şəkildə Azərbaycanın mülki insanlarını və obyektlərini hədəfə alaraq müharibəyə başladığı bildirilib.

Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi hesab etdiyini xatırladan şəhər şurası bildirir ki, Azərbaycan və İtaliya arasında imzalanan Çoxtərəfli Strateji Tərəfdaşlığın Gücləndirilməsi haqqında Birgə Bəyannamə hər iki tərəfin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri üçün qarşılıqlı dəstəyin nümayişidir.

Müraciətin sonunda şəhər şurası Azərbaycan xalqı ilə həmrəy olduğunu, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin suverenliyinə, ərazi bütövlüyünə və toxunulmazlığına hörmətlə yanaşdığını bəyan edib, İtaliyanın səlahiyyətli şəxslərini Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıb.