Vyanada Vətən müharibəsi şəhidləri anılıb
Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) təşəbbüsü ilə Vyana şəhərində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib.
Azərbaycanın Avstriyadakı səfirliyinin önündə baş tutan mərasimdə bu ölkədə fəaliyyət göstərən türk diaspor təşkilatlarının və iş adamlarının təmsilçiləri iştirak edib. Tədbir zamanı diplomatik nümayəndəliyin qarşısına əklili qoyulub, şamlar yandırılıb, Azərbaycan və Türkiyə bayraqlarının, "Şəhidlərimizi rəhmətlə anırıq" sözlərinin əks olunduğu plakat və "Xarı bülbül" çiçəyinin rəmzi təsviri nümayiş etdirilib. Mərasim iştirakçıları Dağlıq Qarabağın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Dərnək sədri Yardım Günəş bildirib ki, Vətən müharibəsində böyük şucaətlə döyüşən, canları və qanları ilə torpaqlarımızı işğalçılardan azad edən qəhrəman şəhidlərimiz Azərbaycanın şanlı tarixində xüsusi yer tuturlar və onlar xalqımızın qəlbində əbədi yaşayacaqlar.
Mərasim şəhidlərin ruhuna duaların oxunması ilə yekunlaşıb.