Son illər diasporumuzun işindəki dönüş qələbəmiz üçün böyük dəstək oldu

07.12.2020

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən müharibəsində parlaq qələbəsi dünyada yaşayan bütün azərbaycanlıları ürəkdən sevindirir. Bütün dünya - beynəlxalq təşkilatlar, dövlətlər Azərbaycanın güclü dövlət olduğunun bir daha şahidi oldu. 44 günlük azadlıq mücadiləsi Azərbaycan xalqının qızıl hərflərlə yazdığı Vətən müharibəsi kimi bütün ali və orta məktəblərdə həvəslə öyrəniləcək, tədris olunacaq. Bu müharibə millətimizin iki yüzillik azad və qürurla yaşamaq həsrətinə son qoydu. Böyük Zəfər ölkəmizin, dövlətimizin və xalqımızın tarixində yeni bir səhifə açdığı kimi, diasporumuzun da fəaliyyəti üçün yeni bir başlanğıcdır. Xaricdə yaşayan ziyalılarımız, diaspor rəhbərləri və fəalları diasporumuzun bundan sonrakı fəaliyyəti ilə bağlı fikirlərini bölüşür.

“Diasporumuzun həyatında yeni dövr başlayır”

Tarix elmləri doktoru, “Kyiv-Mohila Akademiyası” Milli Universitetinin professoru, “Ukraynalı və Azərbaycanlı Ziyalılar Assambleyası” İçtimai təşkilatının sədri Fərhad Turanlı: “10 noyabr 2020-ci il tarixi bütün azərbaycanlıların, o cümlədən diasporumuzun həyatında yeni bir dövrün başlanığıcı olduğunu, COVID-19 ilə əlaqədar yeni dünya düzəninin qurulmasını xüsusilə qeyd etmək vacibdir. Əlbəttə, son illərdə diasporumuzda xeyli işlər görülür, amma indiki zamanda daha da ayıq-sayıq olmamız və mübarizəmizi gücləndirməmiz gərəkdir. İlk növbədə yaşadığımız ölkələrdə qeyd edilən amilləri nəzərə alaraq XXI əsrin tələblərinə uyğun Azərbaycanın milli maraqlarını müdafiə etmək üçün bütün dünyada diaspor təşkilatlarımızın daha da güclənməsinə ehtiyac vardır. Bu, necə mümkün olar? Qeyd olunan amilləri nəzərə alaraq diaspor təşkilatlarımızın güclənməsi məqsədilə çevik olaraq Dünya Azərbaycanlılarının növbəti qurultayını təşkil edib yeni fəaliyyət proqramlarının hazırlanmasını təmin etmək lazımdır.
Bəhs olunan strateji əhəmiyyətli məsələnin həllində ən vacib amil diasporda dünyaya gələn insanların və uzun müddət xaricdə yaşayan vətənpərvər azərbaycanlı ziyalıların, alimlərin diasporun quruculuğu, güclənməsi, fəaliyyətinin yüksək səviyyədə təmin olunmasında iştirakı, bilavasitə cavabdehliyi demokratik üsullarla təşkil olunmalıdır. Bu o deməkdir ki, həmin insanlar vətəndaşı olduğu dövlətlərin dilini, elmini, mədəniyyətini, siyasətini, cəmiyyətini mükəmməl bilir, eyni zamanda yüksək hörmətə və nüfuza malikdirlər. Yeni bir dövrün başlanğıcında diasporumuzun güclənərək yüksək səviyyədə fəaliyyət göstərməsini arzulayır, bir daha qələbəmiz münasibətilə hamınızı ürəkdən təbrik edirəm!”

“Diasporumuz bir yumruq kimi birləşərək informasiya savaşında mübarizə apardı”

Kanadanın Toronto şəhərində müəllim kimi fəaliyyət göstərən Yeganə Cəfərova: “İlk öncə onu bildirmək istəyirəm ki, Azərbaycan diasporunun, məhz son bir neçə il müddətində etdiyi böyük çevriliş, yəni tamamilə yeni strukturda fəaliyyəti bu gün Vətən müharibəsində qələbəmizin qazanılmasında dövlətimizə arxa cəbhədə böyük dəstək oldu. Xaricdə yaşayan soydaşlarımız bir yumruq kimi birləşərək siyasi və informasiya sahəsində, sosial şəbəkələrdə mübarizə apardı. Bu mübarizəmiz daim davam etməlidir, çünki bizim erməni kimi qəddar, yaltaq və hiyləgər düşmənimiz var. Mən Azərbaycan diasporunun elə bu istiqamətlərdə fəaliyyətini daha da mütəşəkkil qurmasını istərdim. Həmçinin, xaricdə lobbiçilik siyasətinin gücləndirilməsi də diasporun ən ümdə fəaliyyətlərindən biri olmalıdır. Azərbaycan diasporu çox cavandır və daha böyük layihələrə imza atılmalıdır ki, xaricdə Vətənimizi layıqıncə təmsil etsin. Qarabağ və işğaldan azad olunmuş ətraf ərazilərdə baş verən hadısələrin həqiqətlərini dünya ictimaiyyətinə tam təfərrüatı ilə çatdırmaq və ermənilərın dünyada, xarici ölkələrin dövlət qurumlarında yaydıqları yalanları təkzib edərək doğruları anlatmaq üçün davamlı olaraq görüşlər keçirməli, fəaliyyətimizi daha planlı şəkildə qurmalıyıq. Eyni zamanda, vaxtaşırı dünya diaspor nümayəndələrinin ümumi görüşü və hətta qurultayının da keçirilməsi gələcək plana daxıl edilməlidir. Hərtərəfli və mükəmməl quruculuq işləri həm ölkə daxilində, həm də xarici ölkələrdə yaşayan soydaşlarımızla sıx əməkdaşlıq nəticəsində yüksək nəticələr verəcək. Arxa cəbhədə siyasətimiz və lobbiçiliyimiz nə qədər möhkəm, dayanıqlı olarsa yaşadığımız ölkələrdə Vətənimizi daha layıqıncə təmsil edə bilərik”.

“Həmvətənlərimizin nümayiş etdirdiyi birlik və həmrəyliyi qoruyub saxlamalıyıq”

Almaniyada yaşayan diaspor rəhbəri Yaşar Niftəliyev: “44 günlük Vətən müharibəsində Azərbaycan xalqının – siyasi baxışından, dünyagörüşündən, harada yaşamasından asılı olmayaraq, möhtəşəm həmrəylik nümayiş etdirərək müzəffər ordumuza və Ali Baş Komandana dəstəyinin şahidi olduq. Bu, istər ölkənin daxilində, istərsə də xaricdə yaşayan hər bir soydaşımızın Azərbaycan dövlətinə, onun bütövlüyünə və rəmzlərinə sadiqliyinin göstəricisi idi. Xaricdəki azərbaycanlıların, diasporumuzun üzərinə bundan sonra daha böyük məsuliyyət düşür. İlk növbədə 44 gün ərzində həmvətənlərimizin nümayiş etdirdiyi birlik və həmrəyliyi qoruyub saxlamalı, daha böyük nəticələr üçün sürətli iş prinsipinə keçməliyik. Türkiyə, Pakistan, Ukrayna, İsrail və digər ölkələrlə zəngin tarixi ənənələrə, möhkəm dostluğa, qardaşlığa, qarşılıqlı hörmətə əsaslanan münasibətləri digər xalqların diasporları ilə də qurub inkişaf etdirməliyik. Fəaliyyətimizi davamlı və səssiz qurmalı, yerli media ilə əlaqələrimizi gücləndirməli, bunun üçün mütəxəssislərimizin yetişdirilməsinə nail olmalıyıq. Məsələn, Almaniyada ARD ZDF, Phoenix kimi media qurumlarının istinad etdiyi soydaşımız Zaur Qasımov yerli KİV-lə çalışan çox az sayda azərbaycanlılardandır. Azərbaycan diasporu yerli media orqanlarına və dövlət qurumlarına təsiretmə gücünün alternativ yollarını araşdıraraq müəyyən etməlidir. Bunun üçün kifayət qədər savadlı kadrlar var və yetişməkdədir. Bundan başqa, Azərbaycan diasporunun elmi məcmuəsini yaratmaq və ona istinad edilməsini təmin etməliyik. Eyni zamanda, daha güclü faəliyyətimiz üçün diasporumuzun maliyyə asılılığı aradan qaldırılmalı, diasporun dövlətə dəstəyi modelinə keçilməlidir. İnanıram ki, bu dövr diasporumuz üçün yeni və parlaq bir mərhələ olacaq”.