İspaniya mediasında Azərbaycan həqiqətlərindən danışılıb

05.12.2020

İspaniya mediasında Azərbaycanda COVID-19 pandemiyası ilə aparılan mübarizədən və 44 günlük Vətən müharibəsindən bəhs olunub.

Bu ölkənin www.tuvozenpinares.com xəbər saytına müsahibəsində İspaniya Azərbaycanlıları Assosiasiyası Birliyinin rəhbəri Vahid İmanov bildirib ki, Azərbaycan dövləti qlobal koronavirus pandemiyası ilə bağlı sərt tədbirlər görməklə əhalinin kütləvi şəkildə bu xəstəliyə yoluxmasının qarşısını almağa və onların sağlamlığını qorumağa çalışır.

Qeyd edib ki, bu çətin dönəmdə Azərbaycan dövləti təkcə qlobal pandemiya ilə deyil, həm də işğalçı Ermənistanın ölkəmizə hücumunun qarşısını almaq məqsədilə 44 günlük Vətən müharibəsi aparmağa da məcbur olub. Nəticədə 30 ilə yaxın davam edən erməni işğalına son qoyulub. İndi isə Azərbaycan, həm də ermənilər tərəfindən tamamilə məhv edilmiş şəhərlərdə normal həyatın bərpa olunması və məcburi köçkünlərin öz döğma evlərinə geri qaytarılması üçün infrastrukturun yaradılması işləri ilə məşğuldur.

Birlik rəhbəri qeyd edib ki, Azərbaycanın xarici siyasəti həmişə kifayət qədər şəffaf olması ilə seçilib: "Dünyanın mühüm ölkələri Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək uğrunda haqlı mübarizəsini dəstəkləyib və qələbə münasibətilə təbrik ediblər. Bu gün Azərbaycan hədəflərinə qanuni şəkildə çatan və bu səbəbdən digər ölkələrin hörmətini qazanan ölkədir".

Soydaşımız İspaniya hökumətinin hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini də vurğulayıb.

Müsahibənin tam mətni bu linkdə:

https://www.tuvozenpinares.com/articulo/entrevistas/paises-importantes-mundo-siempre-han-apoyado-ha-felicitado-lucha-azerbaiyan-intento-recuperacion-territorios/20201129233903029153.html