Kanadada yaşayan soydaşlarımız xarici işlər naziri ilə görüşüb

30.11.2020

Qərargahı Toronto şəhərində yerləşən və ümum-Kanada platforması olan Kanadalı Azərbaycanlılar Şəbəkəsinin (KAŞ) üzvləri ölkənin xarici işlər naziri Fransua-Filip Şampeyn ilə videogörüş keçirib.

Məqsəd – sentyabrın 27-də Ermənistanın təxribatı ilə başlayan və noyabrın 10-da Azərbaycanın parlaq qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi barədə məlumatları xarici işlər nazirinin nəzərinə çatdırmaq olub.

KAŞ-ın təşəbbüsü ilə videokonfrans formatında baş tutan görüşə şəbəkənin Vankuver, Edmonton, Kalqari, Toronto, Ottava və Montrealdan olan üzvləri qatılıblar.

Görüş zamanı soydaşlarımız bildiriblər ki, Kanadanın Qarabağ məsələsinə dair rəsmi mövqeyini yaxından izləyirlər və hesab edirlər ki, azərbaycan mənşəli kanadalıların fikirlərinin eşidilməsi ölkənin xarici siyasətinin daha ədalətli və qərəzsiz olmasına xidmət edə bilər. Tədbir iştirakçıları arasında əslən işğaldan yeni azad edilmiş Fizuli və Şuşadan olan KAŞ üzvlərinin də olduğu nazirin diqqətinə çatdırılıb.

Nazir Şampeyn soydaşlarımızın çıxışlarını diqqətlə dinləyərək, münaqişə barədə onların fikirlərinə hörmətlə yanaşdığını bildirib. Görüşün məlumat əldə etmək baxımından çox faydalı olduğunu vurğulayan nazir baş vermiş müharibədə insan həyatının itirilməsini fəlakət adlandırıb. O, deyib ki, müharibə başlayan ilk gündən etibarən Kanada dövləti hərbi əməliyyatların dayandırlması üçün səylər göstərib.
Görüş fikir mübadiləsinin aparılması ilə davam edib.

Qeyd edək ki, KAŞ indiyədək Qarabağ məsələsi ilə bağlı soydaşlarımızı narahat edən məsələlər barədə Kanada və əyalət parlamentlərinin üzvləri və yerli hökumət nümayəndələri ilə intensiv görüşlər keçirib.