İcma üzvləri ilə görüşdə İsraildə Azərbaycan səfirliyinin açılması təklif edilib

04.12.2020

İsraildə fəaliyyət göstərən Azərbaycan evi üzvlərinin ölkə knessetində (parlament) və hökumət evində rəsmi şəxslərlə görüşü keçirilib.

Yerusəlim şəhərində baş tutan görüşdə İsrailin kəşfiyyat naziri Eli Koen, regional əməkdaşlıq və inkişaf üzrə nazir Ofir Akunis, deputatlar Nir Barkat və Osnat İlla Mark, "İsraildəki Azərbaycan evi"nin rəhbərləri Nehemiya Şirin Mixaeli, Arye Qut, Pavel Elizarov və azərbaycanlı icmasının üzvləri iştirak ediblər.

Danışıqlar zamanı həmvətənlərimiz iki xalqın tarixindən danışaraq yəhudilərin Azərbaycanda yaşamasının və azərbaycanlılarla dostluğunun qədim köklərə malik olduğunu, iki dövlət arasında bərqərar olmuş yüksək səviyyəli, sarsılmaz strateji münasibətlərə heç kimin xələl gətirə bilməyəcəyini vurğulayıblar.

Onlar nazirlərin və deputatların diqqətinə çatdırıblar ki, iki ölkə arasında münasibətlər, yəhudi kökənli Azərbaycan icmasının mövcud olması, bu yaxınlarda Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, yeni geosiyasi reallıqların yaranması, rəsmi Bakının bölgədə sabitləşdirici amilə çevrilməsi, Türkiyə–İsrail münasibətlərinin möhkəmləndirilməsində müstəsna xidmətlər göstərməsi İsraildə Azərbaycan səfirliyinin açılmasını bir zərurətə çevirib.

"Biz 28 ildir İsraildə Azərbaycanın səfirliyinin açılmasını gözləyirik. İsraildə Özbəkistanın, Qazaxıstanın, Türkiyənin səfirlikləri var. Amma İsrail dövlətinin Avrasiya məkanında Azərbaycanla münasibətləri bütün ölkələrlə müqayisədə çox fərqlidir. Bizim çox yaxın, dostluğa və qardaşlığa söykənən münasibətlərimiz var. Dövlətlərimizin rəhbərləri bir-birlərinə etibar edir və güvənirlər".

Soydaşlarımız bildiriblər ki, tezliklə İsraildə Azərbaycan səfirliyinin açılacağına ümid edirlər.