“Ərazi bütövlüyü beynəlxalq hüququn bir hissəsi kimi: Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib

27.11.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin və "Timberwolf Phoenix" media şirkətinin təşkilatçılığı ilə “Ərazi bütövlüyü beynəlxalq hüququn bir hissəsi kimi: Azərbaycan nümunəsi” mövzusunda videokonfrans təşkil olunub.

Dövlət Komitəsinin rəsmi əməkdaşlarının, "Timberwolf Phoenix" media şirkətinin prezidenti Ben Minik və vitse-prezidenti İrina Tsukermanın iştirak etdiyi videokonfransda müxtəlif ölkələrdə yaşayan 40-a yaxın jurnalist, siyasi ekspertlər və digər şəxslər iştirak ediblər. Məqsəd Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyən dünya jurnalistlərini bir araya gətirmək, beynəlxalq ictimaiyyətə həqiqətləri çatdırmaqdan ibarətdir.

İrina Tsukerman və Ben Minik "Timberwolf Phoenix"in missiyası və fəaliyyəti, Azərbaycan və Ermənistan arasında müharibə zamanı “Republic-Underground” xəbər saytındakı məqalələrə baxış sayının milyonlarla olması, eləcə də onlayn konfransın məqsədi barədə ətraflı məlumat veriblər.

Sonra öz fəaliyyətləri barədə təqdimatla çıxış edən hər bir jurnalist tədbirin əhəmiyyətinə diqqəti cəlb edib və Azərbaycanın ərazi bütövlüyünü tanıyan jurnalistlər şəbəkəsinin yaradılmasının önəmindən danışıblar.

Tədbir Ermənistanın Azərbaycana qarşı təcavüzünün kökləri, tarixi və hal-hazırda siyasi meydanda baş verən hadisələrə həsr olunmuş videoçarxın nümayiş olunması ilə davam edib.

Müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli razılaşmanın təfərrüatları, ABŞ-in yeni prezidentinin bu məsələyə münasibəti, Avropa təşkilatlarının rəsmi sənədlərinin işlək mexanizmlərə malik olmaması, Azərbaycanın ərazi bütövlüyünün bərpasının nəticəsi, azərbaycanlıların ermənilərlə gələcəkdə yanaşı yaşaması, münaqişənin həllindən sonra Cənubi Qafqaz regionundakı ölkələrin iqtisadi əhəmiyyəti və perspektivləri barədə fikirlər səsləndirilib.

Sonda jurnalistlər bir platforma ətrafında birləşmənin vacibliyini vurğulayaraq Qafqaz Jurnalistləri Şəbəkəsinin yaradılmasını təklif ediblər. Dünya mətbuatında birtərəfli və təhrif olunmuş məlumatların yayılmasının qarşısını almaq məqsədilə təklif razılıqla qarşılanıb.