Azərbaycan Dövlət Simfonik Orkestrinin 100 illiyinə həsr olunmuş videogörüş təşkil edilib

25.11.2020

Diasporla İş üzrə Dövlət Komitəsi və "Azİz" İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin 100 illik yubileyinə həsr olunmuş videogörüş keçirilib.

Tədbirə moderatorluq edən "Azİz"-in Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman qeyd edib ki, Azərbaycan dünya mədəniyyətinin incilərindən sayılan musiqisi, görkəmli bəstəkarları ilə tanınır və təsadüfi deyil ki, Şərqdə ilk opera Azərbaycanda yazılıb.

Y.Salman Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru və bədii rəhbəri, Xalq artisti Rauf Abdullayevin təbrik məktubunu oxuyub: "Mən sizin hər birinizə bu təşəbbüsünüz üçün təşəkkür edirəm. İnanıram ki, cox yaxın zamanlarda Bakı Filarmoniyasında yubiley konsertləri keçiriləcək və biz sizinlə virtual yox canlı görüşmək imkanı əldə edəcəyik", - deyə R.Abdullayev qeyd edib.

Tədbirdə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, tanınmış drijor, Xalq artisti Ramiz Məlikaslanov, dirijor Mustafa Mehmandarov, pianoçu Nərgiz Əliyarova, Mixail Aqarunov və başqaları çıxış ediblər.

Çıxış edənlər 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın qələbəsi ilə başa çatması münasibətilə iştirakçıları təbrik edib və tədbirin təşkili üçün təşəkkürlərini ifadə ediblər. Azərbaycanın simfonik orkestrinin tarixi, musiqi mədəniyyətinin inkişaf yolu və ölkəmizin dünya musiqi mədəniyyətinə bəxş etdiyi töhfələr barədə danışıblar.