Azərbaycanlı icması Belçika parlamentini və Avropa qurumlarını beynəlxalıq hüquqa hörmətlə yanaşmağa çağırıb

24.11.2020

Belçikada yaşayan azərbaycanlı icması Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğalçını dəstəkləyən addımların atılmaması ilə bağlı Belçika Parlamenti və Avropanın bir sıra beynəlxalq qurumlarına müraciət edib.

Belçika Parlamentinin rəhbərliyinə, Xarici İşlər Nazirliyinə, bu ölkənin Azərbaycandakı səfirliyinə, Avropa Birliyinə, bütün siyasi partiyalara və digər qurumlara ünvanladığı müraciətdə qeyd edilib ki, Azərbaycan ordusunun Qarabağda qazandığı qələbəni həzm edə bilməyən erməni separatçıları və onların diaspor adı altında fəaliyyət göstərən havadarları yenidən hərəkətə keçiblər. Onlar Niderland və Belçika parlamentlərində olan bəzi anti-Azərbaycan qüvvələri ilə birlikdə Dağlıq Qarabağdakı qondarma və cinayətkar rejimin tanınması ilə bağlı addımlar atılmasına cəhdlər göstərirlər. Belə cəhdlərdən biri Brüssel şəhərində "Artsax" ofisinin açılması və qondarma rejimlə diplomatik əlaqələrin qurulmasına dair məsələnin gündəmə gətirilməsidir. Yaxın günlərdə bu məsələnin Belçika parlamentində müzakirəyə çıxarılması gözlənilir.

Bu addıma kəskin etirazını bildirən azərbaycanlı icması xəbərdarlıq edib ki, Azərbaycanın dünya birliyi, o cümlədən Belçika dövləti tərəfindən tanınan ərazi bütövlüyünə zidd olan belə qərarın qəbulu beynəlxalq hüquq və normalara zidd olmaqla yanaşı, həm də Azərbaycan-Belçika əlaqələrinə, Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərinə zərbə vura bilər.