Azərbaycan diasporunun nümayəndələri niderlandlı deputatla görüşüb

20.11.2020

Niderlandda fəaliyyət göstərən azərbaycanlı icmasının üzvləri ölkə parlamentində Xristian Demokrat Partiyasını (CDA) təmsil edən deputat Martijn van Helbertlə görüşüb.

Görüşdə “Ana Vətən” Niderlandlı Azərbaycan Qadınları Birliyinin üzvü İlkanə Goja və həyat yoldaşı Robert van den Berg, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, Azərbaycan-Niderland “Odlar yurdu” Cəmiyyətinin sədri Firəngiz Bağırova və gənc hüquqşünas Nigar Ramazanova iştirak ediblər.

Görüşdə Qarabağ müharibəsi ilə bağlı real hadisə və faktlar təqdim edilib. Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu ölkəmizə hücum etdiklərini xatırladan soydaşlarımız Ermənistanın 30 il ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu işğal etdiyinə, milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyduğuna, Azərbaycan ordusunun beynəlxalq qanunlara uyğun olaraq ölkəmizin özünümüdafiə və ərazi bütövlüyünün bərpası hüququnu həyata keçirdiyinə bir daha diqqəti cəlb ediblər.

İcma üzvləri Niderland parlamentinin Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan, Azərbaycanın və Türkiyənin əleyhinə olan qərar qəbul etməsini ədalətsiz addım adlandırıblar. Bu qərarın iki ölkə arasında münasibətlərə ciddi təsir edəcəyi nəzərə çatdırılıb.

Sosial media üzərindən Ermənistanın Niderland Krallığındakı səfirinin siyasi dairələrə ünvanladığı iftira dolu məktubuna sərt cavab yazaraq, "problemlərinizi Niderlanda gətirməyin" başlıqlı status paylaşdığı üçün Martijn van Helbertə minnətdarlıq bildirilib.