Misirli alimlər ölkəmizi təbrik ediblər

20.11.2020

Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyəti Dağlıq Qarabağda müharibənin dayandırılması ilə bağlı razılaşmanın əldə olunması münasibətilə ölkəmizi təbrik edib.

Cəmiyyətin alimlərdən ibarət təsisçilərinin və idarə heyəti üzvlərinin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubda bildirilib ki, Rusiya Federasiyasının iştirakı və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Respublikaları arasında imzalanan tarixi saziş əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü bərpa olunacaq. Bu, bölgədə sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfələr verəcək.

“Misir-Azərbaycan Dostluq Cəmiyyəti olaraq, bu, tarixi bəyanatı yaxından izləyirdik. Azərbaycana qardaş ölkə olan Misirdən dua edirik ki, Uca Allah vətən uğrunda şəhid olanları cənnətlə mükafatlandırsın və yaralılar qısa bir zamanda şəfa tapsın.

Zati-aliləri cənab İlham Əliyevin müdrik və rəşadətli rəhbərliyi altında qardaş Azərbaycan Respublikasının müstəqil və əmin-amanlıq şəraitində davam etməsini diləyirik”, - deyə məktubda vurğulanıb.

Qeyd edək ki, təbrik məktubu Əl-Əzhərin Böyük Alimlər Şurasının üzvü və Misir Ərəb Respublikasının sabiq Müftisi professor Əli Cümə, Misir Parlamentində Din və Vəqflər Komitəsinin sədri professor Osama əl-Əbd, Ərəb və İslam Dünyasında Seyyidlər həmkarlar ittifaqının sədri Əl-Seyyid Mahmud Əl-Şərif, Misirdə Azərbaycan diasporunun sədri Dr. Seymur Nəsirov və cəmiyyətin digər üzvləri adından ünvanlanıb.