Misirdəki Azərbaycan Diasporu Mərkəzinin diplomları 50 məzuna təqdim olunub

13.11.2020

Qahirə şəhərində fəaliyyət göstərən Azərbaycan Diasporu Mərkəzinin kurslarında təhsil alan 50 məzuna diplom və lisenziyaların təqdim olunması mərasimi keçirilib. Qeyd edək ki, bu kurslarda 30 ölkədən 300-dən çox gənc ödənişsiz əsaslarla təhsil alır.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin binasında baş tutan mərasimdə çıxış edən Azərbaycan Diasporu Mərkəzinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov gəncləri təbrik edib, onlara gələcək təhsil və fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, Qahirədə müxtəlif ölkələri təmsil edən gənclərin məhz Azərbaycan Diaspor Mərkəzinin kurslarına cəlb edilməsi, bu təşəbbüsdə Misirdəki Xeyriyyə Cəmiyyətinin də fəal iştirak etməsi gələcək nəslə həm biliklərə yiyələnmək, həm də İslam dünyasının mühüm ölkələrindən biri olan Azərbaycanı daha yaxından tanımaq baxımından əhəmiyyətlidir. Bu kursları bitirən gənclər ölkəmiz haqqında daha geniş məlumatlar alaraq, xalqımızın dostlarına çevrilir və digər fənlərlə bərabər, Azərbaycan dilinə də böyük maraq göstərirlər.

Sonra Seymur Nəsirov, Misir Xeyriyyə Cəmiyyətinin rəhbəri Məhəmməd Rəşid və müəllimlər kursları bitirən gənclərə ərəb-Şərq dekorasiyası, xəttatlıq, Azərbaycan və ərəb dilləri, Quran qiraəti və digər ixtisaslar üzrə diplom və lisenziyaları təqdim ediblər. Məzunlar arasında ABŞ, Böyük Britaniya, İndoneziya, Malayziya, Nigeriya, Misir və digər Afrika və ərəb ölkələrindən gənclər olub.

Tədbir kollektiv şəkil çəkdirilməsi ilə yekunlaşıb.