Kaliforniyadakı azərbaycanlılara dəyən zərər ödənilib

13.11.2020

Azərbaycan dövlətinin xaricdə yaşayan azərbaycanlılara diqqət və qayğısı daim hiss olunur. Dövlət başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımıza hər zaman diqqətlə yanaşılır, onların müraciətləri operativ şəkildə cavablandırılır.

Məhz bunun nəticəsidir ki, ABŞ-da yaşayan soydaşlarımıza dinc aksiya zamanı erməni millətçiləri tərəfindən vurulan zərər ödənilib.

Xatırladaq ki, Azərbaycanın Tovuz rayonunda 12 iyul 2020-ci il tarixdə Ermənistanın törətdiyi təxribatlara ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində etiraz edən soydaşlarımız ermənilərin hücumuna məruz qalıb. Ermənilər soydaşlarımıza bədən xəsarəti yetirib, onlara məxsus minik avtomobilləri, həmçinin müxtəlif şəxsi əşyalar yararsız hala salınıb, yaşadıqları mənzillərə ciddi ziyan dəyib.

Aksiya zamanı soydaşlarımıza dəyən 16 min ABŞ dolları məbləğində maddi zərər Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ödənilib.

Azərbaycan dövləti bundan sonra da xaricdə yaşayan soydaşlarımızın hüquqlarının qorunması istiqamətində addımlar atacaq və onlara dəstəyini davam etdirəcək.