Xaricdə yaşayan soydaşlarımızdan Ali Baş Komandana təbrik məktubları gəlməkdə davam edir

12.11.2020

30 ilə yaxındır Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi, xüsusilə qədim mədəniyyət mərkəzi Şuşa şəhərinin düşməndən təmizlənməsi xaricdə yaşayan azərbaycanlıların böyük sevincinə səbəb olub. Ayrı-ayrı soydaşlarımız, eləcə də diaspor təşkilatları adından Prezident İlham Əliyevə ünvanlanan məktublarda müzəffər Ali Baş Komandana və rəşadətli ordumuza minnətdarlıq ifadə olunur.

Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Almaniya, İsveçdə yaşayan soydaşlarımız, Belçikadan Avopa Azərbaycanlıları Konqresi cənab Prezidentə göndərdikləri məktublarda böyük qələbə münasibətilə Azərbaycan ordusu və Ali Baş Komandanı təbrik edir, onların şücaəti ilə qürur duyduqlarını bildirirlər: “Şuşanın Azərbaycana, Azərbaycanın Şuşaya olan 28 illik həsrətinə Siz son qoydunuz. Xalqımızın 30 ilə yaxındır həsrətində olduğu Şuşa şəhəri artıq düşməndən geri alınıb. Şəhidlərimizin qanı yerdə qalmadı! Şəhidlərimizin ruhu şaddır! Möhtərəm Ali Baş Komandan! Sizin adınız bu qələbə tarixinin ən gözəl səhifəsində qızıl hərflərlə yazılıb”.

Müraciətlərdə Azərbaycan diasporunun Vətənimizə, dövlətimizə, Prezidentimizə və ordumuza dəstəyi xüsusi vurğulanır. Soydaşlarımız dünyanın harasında yaşamasından asılı olmayaraq dövlətimizə xidmətə və cənab Prezidentin əmrinə hər zaman hazır olduqlarını bəyan edirlər.

Qeyd edək ki, işğalçı Ermənistan ordusunun 27 sentyabr 2020-ci il tarixdən başlayan təxribatçı hərəkətlərinə cavab verməyə məcbur olan Azərbaycan ordusunun əldə etdiyi uğurlarla bağlı xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən Ali Baş Komandana 100-dən çox təşəkkür məktubu ünvanlanıb.