12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür

12.11.2020

12 noyabr 2020-ci ildə müstəqil Azərbaycanda Konstitusiyanın qəbulundan 25 il ötür.

Konstitusiya xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu cənab Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanıb və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunub. Bu gün 25 yaşı tamam olan Konstitusiya müasir dünyanın sivil dəyərlərinə və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradıb.

Xalqın yekdil və sarsılmaz iradəsini əks etdirən əsas Qanunumuz Azərbaycanda dövlətçilik fəaliyyətinin əsas prinsiplərini, demokratik dövlət quruculuğu prosesinin başlıca istiqamətlərini, vətəndaşların fundamental hüquq və vəzifələrini müəyyən edir.

Diasporla İş üzrə Dövlət Komitəsi olaraq bütün dünya azərbaycanlılarını Konstitusiya Günü münasibətilə təbrik edir, müstəqil Azərbaycan Respublikasının davamlı tərəqqisi və ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da gücləndirilməsi yolunda uğurlar arzulayırıq.