Niderland parlamentinin üzvünə Azərbaycan bayrağı hədiyyə edilib

11.11.2020

Niderland Krallığının Rotterdam şəhərində “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin üzvləri ilə türk əsilli vətəndaşların yaratdığı DENK partiyasının təmsilçisi arasında görüş baş tutub. DENK Partiyasının ofisində baş tutan görüşdə Birliyin üzvləri Niderland parlamentinin türk əsilli deputatı Tunahan Kuzu ilə görüşüblər.

Birliyin sədri Mayisə Ağamirzəyeva 9 noyabr tarixinin Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb.

Görüşdə Azərbaycanın Qarabağ bölgəsində baş verən son hadisələrdən, işğalçı Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdiyi terror aktlarından söhbət açılıb. Tunahan Kuzu Azərbaycanın əzəli torpaqlarının azad olunması uğrunda apardığı mübarizənin haqq savaşı olduğunu bildirib.

Dağlıq Qarabağ həqiqətlərinin nidarlandlı millət vəkillərinə çatdırılmasında böyük işlər görən Tunahan Kuzu qeyd edib ki, son illər Azərbaycan diasporunun fəaliyyətində müşahidə olunan fəallıq nəinki Niderlanddakı, hətta dünyadakı erməni lobbisinin narahatçılığına səbəb olur. Niderland parlamentinin deputatı Dövlət Bayrağı günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Görüşün sonunda həmvətənlərimiz Tunahan Kuzuya və DENK Partiyasının təmsilçilərinə Azərbaycanın haqq səsinin Niderlandlı parlamentarilərə çatdırılmasında göstərdikləri dəstəyə görə təşəkkür ediblər. Niderland parlamentinin üzvünə Azərbaycana aid suvenirlər, film diskləri, ulu öndər Heydər Əliyevin həyatından bəhs edən kitab və üçrəngli Azərbaycan bayrağı hədiyyə olunub.