Stokholmda yaşayan azərbaycanlılar Şuşanın azadlığını böyük sevinclə qarşılayıblar

11.11.2020

İsveçin paytaxtı Stokholm şəhərinin Haga Parkında toplaşan azərbaycanlılar 28 il sonra Şuşa şəhərinin Ermənistanın işğalından azad olunmasını qeyd ediblər.

Azərbaycan və Türkiyə bayraqlarının dalğalandırıldığı tədbirdə iştirakçılar “Qarabağ bizimdir, bizim olacaq” şüarını səsləndiriblər. Aksiya iştirakçıları təcavüzkar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılmasını böyük sevinc hissi ilə qarşıladıqlarını bildiriblər. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan ordusuna bu sevinci onlara yaşatdıqlarına görə minnətdarlıq ifadə edilib. Aksiya iştirakçıları hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyəyə də təşəkkürlərini ildiriblər.

Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aksiya iştirakçıları sonda birlik rəmzi olaraq “Yallı” gediblər.