Şuşanın işğaldan azad olunması Rotterdam şəhərində də qeyd olunub

11.11.2020

Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Niderland Krallığının Rotterdam şəhərində Şuşanın işğaldan olunmasına həsr edilmiş tədbir keçirilib. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrundan canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Həmvətənlərimiz Azərbaycanın mədəni paytaxtı, qədim Şuşa şəhərinin işğaldan azad olunmasının Ali Baş Komandanımızın uzaqgörən siyasətinin və qətiyyətinin, rəşadətli ordumuzun gücünün, xalqımızın birliyinin göstəricisi, eyni zamanda Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu bildiriblər.

Tədbirdə Benilüks Azərbaycanlıları Konqresinin üzvləri ilə yanaşı, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının, Azərbaycan Türk Kültür Dərnəyinin təmsilçiləri və bir sıra diaspor fəalları da iştirak edib.

Qeyd olunub ki, xalqımızın Ali Baş Komandanına və igid əsgərinə olan inamı dövlətimizin gücünə güc qatır, bizi qələbəyə bir az da yaxınlaşdırır. Vətəndən uzaqda yaşayan azərbaycanlılar bundan sonra da Azərbaycanın haqq səsini, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.

Tədbirin sonunda “Yaşasın Azərbaycan!”, “Yaşasın Ali Baş Komandanımız!”, “Yaşasın rəşadətli ordumuz!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!” kimi şüarlar səsləndirilib.