İtaliyanın Roma və Piza şəhərlərində “9 Noyabr- Dövlət Bayrağı günü” ilə bağlı tədbir keçirilib

11.11.2020

İtaliya – Azərbaycan Birliyinin təşəbbüsü ilə “9 Noyabr- Dövlət Bayrağı günü” ilə əlaqədar İtaliyanın Roma və Piza şəhərində tədbir keçirilib. İtaliyada təhsil alan Azərbaycanlı gənclərin iştirakı ilə təşkil olunan tədbirlərdə Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan üçrəngli bayrağın Azərbaycanın işğal olunmuş torpaqlarında yenidən dalğalanmasının dünyada yaşayan azərbaycanlılara sevinc və fərəh hissi bəxş etdiyi vurğulanıb. Roma şəhərində “The Fontana della Dea Roma” meydanında italiyalı musiqiçilərinin müşayəti ilə “Ay Laçın” mahnısını ifa edən gənclər şəhər sakinlərinin diqqətini çəkiblər.

Tədbir iştirakçıları işğalçı Ermənistan ordusunun hərbi təxribatlarına, Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi vandalizm aktlarına, münaqişə bölgəsindən uzaqda yerləşən günahsız insanların, körpə uşaqların qətlə yetirilməsinə, mülki obyektlərin dağıdılmasına dair hazırlanan məlumatverici lövhələr, plakatlar vasitəsi ilə Qarabağ həqiqətlərini İtalya cəmiyyətinin diqqətinə çatdırmağa çalışıblar.

Tədbirdə Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində erməni terrorunun qurbanı olmuş şəxslərin xatirəsi yad edilib.