Marneulidə yaşayan soydaşlarımız Şuşanın azad olunmasını böyük sevinclə qarşılayıblar

10.11.2020

Gürcüstanın Marneuli rayonunda Azərbaycanın Dövlət Bayrağı Günü və qədim Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə silsilə tədbirlər keçirilib.

Marneuli ictimaiyyətinin nümayəndələrinin və sakinlərin qatıldıqları tədbirlərdə çıxış edən natiqlər dünya azərbaycanlılarını 9 Noyabr – Azərbaycanın Dövlət Bayrağı Günü və Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması münasibətilə təbrik ediblər. Onlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun qədim şəhərimizin azad olunması üçün göstərdiyi şücaətdən qürur duyduqlarını, Şuşa uğrunda gedən döyüşlərin hərb tariximizə böyük hərflərlə yazıldığını bildiriblər. Marneulilər tezliklə Qarabağın tamamilə düşmən tapdağından qurtulmasını, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasını arzuladıqlarını söyləyiblər.

Gürcüstan, Azərbaycan və Türkiyə bayraqlarının dalğalandırılğı tədbirlərdə milli musiqilərimiz səsləndirilib.