Ankarada Azərbaycan Respublikasının Dövlət Bayrağı günü və Atatürkün anım günü ilə bağlı tədbir keçirilib

10.11.2020

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Mustafa Kamal Atatürkün anım günü ilə əlaqədar Ankara şəhərində Anıtkabiri ziyarət edilib. Anıtkabiri ziyarət edən Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin rəhbəri, vəkil Arzuman Azaflı və dərnəyin üzvləri əvvəlcə Mustafa Kamal Atatürkü ehtiramla anaraq, Anıtkabirə dərnək adından əklil qoyublar. Daha sonra Dərnəyin rəhbəri Arzuman Azaflı Anıtkabirin Xatirə dəftərinə bu sözləri yazıb: “Əziz Atatürk, bugün Azərbaycan Bayraq Günü və Sənin Anım Günün səbəbilə hüzurunuzdayıq....”

Ziyarət mərasimindən sonra Dərnəyin rəhbəri və üzvləri Ankara Batıkent ərazisində yerləşən ümummilli lider Heydər Əliyev adına parka gedərək, heykəl önünə əklil qoyublar. Tədbir iştirakçıları 1918-1920 illərdə Azərbaycanın ilk Demokratik Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin məzarını ziyərət edib, məzarı önünə çələng qoyublar.

Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki dövlətin himni səsləndirilib və türkdilli ölkələrin mediasına ünvanlanan bəyanatın mətni oxunub.

Dərnəyin İdarə Heyətinin üzvü Nərmin Mirzəyeva Bəxtiyar Vahabzadənin “Bayraq” şeirini oxuyub, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Sərəncamına əsasən “9 Noyabr 2009-cu ildən etibarən “Dövlət Bayrağı Günü”nün qeyd olunduğunu vurğulayaraq, üç rəngli bayrağımızın rənglərinin, üzərindəki ay və səkkiz guşəli ulduzun mənalarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.