İsraildəki Azərbaycan diasporu hökuməti həddini aşan Ermənistanın cavabını verməyə çağırıb

10.11.2020

"Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası rəsmi Yerusəlimi Ermənistanla münasibətlərinə yenidən baxmağa və bəzi erməni xadimlərini "arzuolunmaz şəxs" elan etməyə çağırıb.

Assosiasiyanın sədri Lev Spivakın imzası ilə İsrailin baş naziri Binyamin Netanyahu və xarici işlər naziri Qabi Aşkenaziyə ünvanlanan müraciətdə diqqət Ermənistan Respublikasının indiki hökumətindən İsrail dövlətinə və bütövlükdə yəhüdi xalqına gələ biləcək təhdid və təhlükələrə cəlb edilib.

Buna nümunə olaraq cəmi iki həftə İsraildə səfir işləmiş Armen Sumbatyanın İsraillə Azərbaycanın əməkdaşlığına və ticarət əlaqələrinə zərər vurmaq məqsədilə təhrikedici əməllərlə məşğul olması, İsrail KİV-lərində dezinformasiyalarla çıxış etməsi, Ermənistan baş nazirinin köməkçisi Sergey Melkonyanın İsrail hökumətini antisemitizmdə ittiham etməsi və hədələməsi, qondarma "DQR" rejiminin başçısı Araik Arutunyanın İsraili "erməni xalqının soyqırımında" ittiham etməsi, baş nazir Nikol Paşinyanın erməni xalqına İsrailin humanitar yardım təklifinə rədd cavabı verməsi, olduqca aqressiv və kobud formada israilliləri terrorçularla müqayisə etməsi və "erməni xalqının soyqırımı"nda süçlaması göstərilib.

Azərbaycanın döyüş zonalarından uzaqda yerləşən yaşayış məntəqələrinin Ermənistan tərəfindən qadağan olunmuş silahlarla bombardman etməsi nəticəsində son 6 həftə ərzində 92 dinc azərbaycanlının, o cümlədən 11 uşağın qətlə yetirildiyini, 400 sakinin yaralandığını, yüzlərlə evin dağıdıldığını xatırladan Assosiasiya nəzərə çatdırıb ki, Azərbaycandan gəlmiş yəhudilər və İsrail vətəndaşları olaraq oradakı qohumları, yaxınları və dostları üçün narahatlıq keçirirlər: "...erməni hökuməti hələ İsraili mühakimə və təhrik, israilliləri təhdid etməyə və "erməni xalqının qatili" adlandırmağa cürət edir".

İsrail xalqının bu cür davranışının yolverilməz olduğunu vurğulayan "Azİz" hesab edir ki, Paşinyan başda olmaqla erməni rejiminə adekvat cavab verilməlidir.

Həmvətənlərimiz İsrail hökumətini Ermənistanla münasibətlərə yenidən baxmağa, Ermənistan hökumətindən gələn bütün təhdidlərə qarşı qabaqlayıcı tədbirlər görməyə, bu ölkənin bir sıra xadimlərinin arzuolunmaz şəxs elan olunmasını, erməni qüvvələrinin İsrailin daxili işlərinə, xüsusilə də Azərbaycanla münasibətlərinə müdaxilə etməsinin qarşısını almağa çağırıb.