Azərbaycan və Türkiyə diasporu Norveç mediasını dürüst olmağa çağırıb

06.11.2020

Norveçin ən nüfuzlu "Aftenposten" qəzeti və online xəbər portalında “Norveç KİV-lərinin Dağlıq Qarabağla bağlı məlumatları əskik və səthidir" başlıqlı məqalə dərc olunub.

Norveçdə fəaliyyət göstərən «Oslo Azərbaycan Evi»nin sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə koordinatoru Ramil Əliyev və Türk Dərnəyinin Norveçdəki baş təşkilatının sədri Xədicə Lükun qələmə aldıqları birgə məqalədə Dağlıq Qarabağ münaqişəsinin tarixi və sentyabrın 27-dən işğalçı Ermənistan ordusunun Azərbaycana hücumundan sonra baş verənlər barədə ətraflı məlumat verilib.

Müəlliflər qeyd ediblər ki, Norveç KİV-ləri münaqişənin işıqlandırılmasında əhəmiyyətli rol oynasa da, məlumatlılıq səviyyəsinin artırılmasına tələbat əvvəlkitək mövcuddur. "Görürük ki, erməniyönlü mənbələrdən digərlərinə nisbətən daha çox istifadə olunur. Həmçinin Ermənistanın iddialarının daha az tənqid edilməsinə meyl hiss olunur".

Məqalədə Azərbaycan torpaqlarının işğalını qətiyyətlə pisləyən Türkiyənin adının Ermənistanın bəyanatlarına əsasən yersiz olaraq hallandırılması tənqid edilib, erməni işğalını dəstəkləyən havadarların sorğu-suala tutulmadığına, Avropa İttifaqı və NATO tərəfindən terror təşkilatı kimi tanınan PKK-nın Ermənistan cəbhəsində vuruşmasından bəhs olunmadığına diqqət cəlb edilib.

Müəlliflər Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunması üçün Norveç hökumətini rəsmi Yerevana siyasi təzyiqlər göstərməyə və BMT-nin 4 qətnaməsinin həyata keçirilməsini tələb etməyə çağırıblar: "İşğalın və ermənilərin mülki hədəflərə hücumlarının dayandırılması, azərbaycanlı qaçqınların evlərinə qayıtması üçün Ermənistan rəhbərliyinə və tərəfdarlarına daha çox siyasi təzyiq göstərilməlidir. Norveç BMT Təhlükəsizlik Şurasının üzvü olaraq mühüm səsə malikdir. Norveçin barış milləti olaraq səsini istifadə etməsi, bütün tərəflər üçün davamlı və ədalətli sülh əldə etmək üçün BMT qətnamələrinin yerinə yetirilməsini tələb etməsi vacibdir. Bu, bir sülhməramlı təşkilat kimi BMT-yə inam üçün də vacibdir".

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.aftenposten.no/meninger/debatt/i/JJJMa4/norske-mediers-dekning-av-nagorno-karabakh-er-mangelfull-og-overfladis