Ukrayna Azərbaycanın yanında olduğunu bir daha təsdiqləyib
Ukraynanın Xarici İşlər Nazirliyi xarici dövlətlərin ərazi bütövlüyünü dəstəklədiyinə dair mövqeyini bir daha bəyan edib.
Bu barədə xarici siyasət idarəsinin ölkədə fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Radasının baş katibi Cəlal Hüseynova cavab məktubunda bildirilib.
Məktubda qeyd edilib ki, sentyabrın 27-də – Dağlıq Qarabağda vəziyyətin gərginləşdiyi gün – Ukrayna XİN-i Azərbaycanla Ermənistan arasında qarşıdurmanın kəskinləşməsindən narahatlığını bildirib və tərəfləri sülh danışıqlarına geri dönməyə çağırıb. 30 sentyabr tarixli onlayn brifinqində isə xarici işlər naziri Dmitri Kuleba bəyan edib ki, "dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi Ukrayna xarici siyasətinin təməl daşıdır".
Soydaşımızın nəzərinə bir daha çatdırılıb ki, Ukraynanın Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə dair mövqeyi dəyişilməzdir: "Ukrayna Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəkləyir".