İordaniyada erməni terrorunun qurbanları anılıb
İordaniyadakı Azərbaycan diasporunun təşəbbüsü ilə Əmman şəhərində işğalçı Ermənistan ordusunun Azərbaycanın Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdiyi terror aktları nəticəsində həlak olan mülki vətəndaşlarımızın xatirəsi yad edilib.
Azərbaycan icmasının iştirakı ilə baş tutan tədbirdə torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərimizin, həmçinin terror aktlarının günahsız qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dualar oxunub.
Azərbaycanın ədalətli mübarizəsini dəstəklədiklərini bildirən tədbir iştirakçıları Ermənistanın işğalçı, təcavüzkar və terrorçu siyasətini qətiyyətlə pisləyiblər. Azərbaycanın Gəncə və Bərdə şəhərlərinin, eləcə də digər yaşayış məntəqələrinin təcavüzkar Ermənistan ordusu tərəfindən ağır artilleriya atəşinə tutulması və dinc sakinlərin hədəfə alınması insanlığa qarşı cinayət kimi qiymətləndirilib.