Xarkovdakı soydaşlarımız Ukraynadakı qurumların diqqətini Bərdə terroruna cəlb edib

02.11.2020

Xarkov vilayətində yaşayan azərbaycanlı icması Ukraynanın xarici işlər naziri Dmitri Kulebaya, BMT və ATƏT-in bu ölkədəki nümayəndəliklərinə müraciət edib.

"Dostluq" Ukrayna-Azərbaycan Cəmiyyətinin sədri Murad Ömərovun imzası ilə sözügedən qurumlara ünvanlanan müraciətlərdə işğalçı Ermənistan ordusunun cəbhə zonasından kənarda yerləşən Azərbaycan şəhərlərini, xüsusilə də Gəncə və Bərdəni qadağan olunmuş silahlarla bombaladığına, günahsız dinc sakinləri qəddarcasına qətlə yetirdiyinə diqqət cəlb edilib.

Müraciətdə vurğulanıb ki, 27 ildən çoxdur Azərbaycan xalqı ermənilər tərəfindən işğal olunan torpaqların sülh yolu ilə azad ediləcəyi və milyona yaxın məcburi köçkünün doğma yurdlarına qayıdacağı günü gözləyir. Qeyd edilib ki, işğalçının sentyabrın 27-dən atəşkəs rejimini pozaraq, bütün cəbhə boyu yeni hərbi təxribatlar törətməsinə cavab olaraq əks-hücuma keçməyə məcbur olan Azərbaycan ordusu əzəli torpaqlarımızı azad etməyə başlayıb.

Azərbaycanlı icması terror siyasətini dövlət səviyyəsində həyata keçirən Ermənistandan humanitar atəşkəs rejiminə riayət etməyi tələb edib, beynəlxalq təşkilatları Azərbaycanın Gəncə və Bərdə şəhərinə səfər etməyə, dinc sakinlərin ölümü və yaralanması ilə nəticələnmiş dağıntıları öz gözləri ilə görməyə çağırıb.