Monrealda erməni terroruna etiraz edilib

02.11.2020

Kanadanın Kvebek əyalətinin Monreal şəhərində Kvebek Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı ilə işğalçı erməni ordusunun Gəncə, Bərdə terroruna etiraz və Azərbaycan dövlətinə dəstək məqsədilə icazəli aksiya keçirilib. Aksiyada azərbaycanlı icması ilə yanaşı, bu ölkədə yaşayan rus və yəhudi icmasının nümayəndələri də iştirak ediblər.

“Dorchester” meydanında baş tutan aksiyada Azərbaycan, Türk, İsrail və Rusiyanın dövlət bayraqları dalğalandırılıb, “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni təcavüzünə son qoyun!”, “Bərdə üçün dua et!” kimi şüarlar səsləndirilib.

Aksiyada çıxış edənlər bildiriblər ki, Ermənistan dövlətinin işğalçılıq və təcavüzkarlıq siyasəti nəticəsində 30 ilə yaxındır ki, Azərbaycanın ərazi bütövlüyü pozulub. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanın haqlı mübarizəsini dəstəklədiklərini bildirən aksiya iştirakçıları təcavüzkar erməni ordusunun döyüş bölgəsindən uzaqda yerləşən şəhərlərə, dinc əhaliyə, istifadəsi qadağan edilmiş kasetli raketlərlə, hücumlarını kəskin şəkildə pisləyiblər.