Azərbaycanlıların Sidneydə keçirilən etiraz aksiyasına ermənilər mane olmağa cəhd ediblər
Avstraliya-Azərbaycan Assosiasiyası və Güney Azərbaycan Demokratik Birliyinin təşəbbüsü ilə Sidney şəhərində yaşayan azərbaycanlı icması erməni terroruna etiraz olaraq avtomobil yürüşü keçirib.
100-ə yaxın avtomobilin iştirakı ilə keçirilən avtoyürüş Oubern qəsəbəsinin Road Station küçəsindən start götürüb, mərkəzi küçələrlə dairəvi hərəkət etdikdən sonra həmin ünvanda başa çatıb.
Üzərində üçrəngli Azərbaycan bayraqları və “Qarabağ Azərbaycandır!” şüarı asılan avtomobillərdə hərəkət edən yürüş iştirakçıları yerli ictimaiyyətin diqqətini cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə və Bərdə şəhərlərinin, eləcə də digər yaşayış məntəqələrinin Ermənistan tərəfindən ağır artilleriya atəşinə tutulmasına cəlb ediblər.
Həmvətənlərimiz işğalçı Ermənistan ordusunun mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kasetli bombalar vasitəsi ilə Bərdə şəhərində törətdiyi terror aktının nəinki beynəlxalq hüquqa zidd addım, eyni zamanda insanlığa qarşı yönəlmiş cinayət olduğunu vurğulayıblar. Əlverişsiz (yağışlı) hava şəraitinə və erməni əsilli şəxslərin yürüş iştirakçılarına mane olmaq cəhdlərinə baxmayaraq, soydaşlarımızın ayıq-sayıqlığı sayəsində, yürüş insidentsiz başa çatıb.