İstanbulda “Qarabağ Azərbaycandır” adlı aksiya keçirilib
Türkiyənin İstanbul şəhərində İstanbul Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” adlı aksiya keçirilib.
“Kadıköy İskele” meydanında Mustafa Kamal Atatürkün heykəli önündə keçirilən aksiyada azərbaycanlı icması və yerli ictimaiyyətin nümayəndələri iştirak edib. Təbdirdə çıxış edən Mədəniyyət evinin rəhbəri Hikmət Elp və digərləri Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı ədalətli mübarizəsini dəstəklədiklərini bildirib, işğalçı Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi terror aktlarını pisləyiblər. Aksiyada Qarabağ həqiqətlərindən bəhs edən “Məzar daşı” adlı kitab paylanılıb.
Azərbaycan və Türkiyə bayraqlarının dalğalandırıldığı tədbirdə müxtəlif şüarlar və “Ya Qarabağ, ya ölüm” şeiri səsləndirilib.
Aksiyanın sonunda tədbir iştirakçıları Azərbaycanın yanında olduqlarını və erməni təcavüzünü, erməni terrorunu kəskin qınadıqlarını bildirib, dünya birliyindən ədalətli mövqe tələb edən bəyanat qəbul ediblər.