Cenevrədə Ermənistanın terrorçu hərəkətlərinə etiraz edilib
İsveçrədə yaşayan Azərbaycan icmasının nümayəndələri erməni təxribatına və işğalçı Ermənistan ordusunun Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhər və rayonlarını ağır artilleriya atəşinə tutmasına etiraz olaraq Cenevrə şəhərində, Millətlər sarayının qarşısında dinc aksiya keçirib. Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının və “Azərbaycanın Dostları” cəmiyyətinin təşkilatçılığı ilə baş tutan aksiyada Azərbaycan icmasının təmsilçiləri ilə yanaşı, Azərbaycan İtaliya Gənclər Assosiasiyasının üzvləri və Fransada yaşayan azərbaycanlı gənclər də iştirak edib. Azərbaycanın Dövlət Himni oxunduqdan sonra Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirov çıxış edərək, işğalçı Ermənistan ordusunun Azərbaycan ərazisində törətdiyi qanlı cinayətlər və terror aktları barədə məlumat verib.
Terror qurbanlarının şəkilləri önünə güllər düzərək onların xatirəsini yad edən soydaşlarımız Gəncə və Bərdə şəhərlərində mülki vətəndaşların, xüsusi ilə azyaşlı uşaqların həlak olmasından dərin təəssüf hissi keçirdiklərini bildiriblər.
Aksiyada “Erməni işğalına son qoyun!”, “Azərbaycan ədalət tələb edir!”, “Biz terrora yox deyirik!”, “Qarabağ Azərbaycandır!”, “İşğalçı dövlətə dəstəyi dayandırın!” şüarlarının əks olunduğu plakatlar qaldıran həmvətənlərimiz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunmamasını bir daha ictimaiyyətin diqqətinə çatdırıb, dünya ictimaiyyətini və beynəlxalq təşkilatları erməni terroruna son qoymağa, Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə səsləyiblər.