"AzərRos" Rusiya Federasiyasının Prezdenti Vladimir Putinə müraciət edib
Rusiyada fəaliyyət göstərən "AzərRos" Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət edib.
"AzərRos"un rəhbəri Mehriban Sadıqovanın imzası ilə Rusiyanın dövlət başçısına ünvanlanan müraciətdə Ermənistanın silahlı qüvvələrinin dünya ictimaiyyətinin gözü qarşısında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən şəhərlərini bombalaması və raket atəşinə tutması nəticəsində günahsız dinc insanların həlak olmasına, mülki infrastrukturun dağıdılmasına diqqət cəlb edilib: "Rusiya telekanallarının ayrı-ayrı proqramlarında Ermənistanın işğal etdiyi torpaqlarının azad edilməsi, ərazi bütövlüyü uğrunda ədalətli mübarizə aparan Azərbaycanın mövqeyinin qaralanması və təhrif olunması baş verərkən ATƏT-in Minsk qrupunun işində fəal iştirak edən ölkənin – Rusiya Federasiyasının Prezidenti kimi Sizə müraciət etməyi vətəndaşlıq borcu hesab edirəm".
Qeyd edilir ki, ölkəmizə düşmən münasibəti bəsləyən ermənipərəst “ekspertlərin” yanlış və qərəzli təbliğatı bütün azərbaycanlıları çox narahat edir. Bu “ekspertlər” bilərəkdən döyüş meydanından kənarda yerləşən Azərbaycan şəhərlərinin atəşə tutulması nəticəsində uşaqların, qadınların və qocaların həlak olmasına susurlar və münaqişə ilə bağlı faktları təhrif edirlər. "Bir sıra KİV-lərin separatizmi açıq şəkildə dəstəklənməsinə yönələn hərəkətləri Rusiyanın maraqlarına və Sizin səsləndirdiyiniz sülhməramlı mövqeyə ziddir", - deyə əlavə edilib.
Müraciətin sonunda bildirilir ki: Rusiya azərbaycanlıları, çoxmillətli dövlətin vətəndaşları olaraq, Prezident V.Putinin obyektiv mövqeyi ilə Dağlıq Qarabağ münaqişəsi zonasındakı çoxillik qarşıdurmanın, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən çıxarılması ilə ədalətli həllinə kömək göstərəcəyinə əmindir.
Müraciətin tam mətni bu linkdə: http://fnkaa.ru/obrashhenie-k-prezidentu-rossijskoj-federacii-vladimiru-putinu-ot-fnka-azerros/