Avstriyadakı Azərbaycan evində Bərdə və Gəncədəki terror aktları hiddətlə pislənilib
Avstriyanın Zaltsburq şəhərində fəaliyyət göstərən Azərbaycan evinin təşkilatçılığı ilə işğalçı Ermənistan ordusu tərəfindən Azərbaycanın Bərdə və Gəncə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törədilən terror aktları ilə bağlı bir sıra türk icma və təşkilatları ilə görüş keçirilib.
Görüşdə Beynəlxalq Demokratlar Birliyinin Zaltsburq şöbəsinin (UID - Union of International Democrats) rəhbəri Erdoğan Kandemir, Avstriya Linz İslam Federasiyasının (ALİF) Mattiqhofen şöbəsinin nümayəndəsi Mustafa Kocak, Alperen Ocaqları Branau üzrə nümayəndəsi Ahmet Türkoğlu, UID gənclik qolları rəhbəri Abdulbaki Kandemir, Turan camisi və Ülkücü ocaqlarının təmsilçiləri iştirak ediblər.
Tədbirdə son 100 ildə ermənilərin Azərbaycana qarşı yürütdükləri soyqırım siyasətindən, dinc insanlara qarşı törədilmiş Gəncə, Bərdə terrorlarından söhbət açılıb, qonaqlara erməni terorundan bəhs edən material və faktlar təqdim edilib.
Tədbir zamanı şərqdə yaranmış ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illərdə olan ərazisindən bəhs edilib və sübut kimi həmin dövrə aid xəritələr və İstiqlal Bəyannaməsi nümayiş etdirilib.
Bildirilib ki, ermənilərin yürütdükləri işğalçılıq siyasəti nəticəsində bu gün Azərbaycanın əzəli torpaqlarının bir qismi indiki Ermənistan ərazisində yerləşir və hətta Ermənistanın özü də bir dövlət kimi qədim Azərbaycan torpağı olan İrəvan xanlığının əraziləri hesabına formalaşb.
Tədbir iştirakçıları Gəncə və Bərdədəki terror aktlarının günahsız qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, şəkilləri önünə güllər, oyuncaqlar düzüb və şamlar yandırıblar.
Azərbaycan ordusunun işğalda olan bütün torpaqları tezliklə azad edəcəyinə, Ermənistanın xalqımıza qarşı apardığı təcavüzkar və terrorçu siyasətə son qoyulacağına əminlik ifadə olunub.
Tədbirin sonunda qonaqlara Azərbaycan tarixindən və ermənilərin terorundan bəhs edən kitablar hədiyyə olunub.