Sindey və Brizben şəhərlərində Gəncə terroruna etiraz edilib

28.10.2020

Avstraliyada yaşayan soydaşlarımız erməni təxribatına və işğalçı Ermənistan ordusunun Azərbaycanın dinc əhalisinin sıx məskunlaşdığı, cəbhə bölgəsindən uzaqda yerləşən, yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutmasına etiraz olaraq aksiyalar keçiriblər.

Həmvətənlərimiz Gəncə şəhərinin dəfələrlə raket atəşinə tutulması nəticəsində mülki vətəndaşların, xüsusi ilə də azyaşlı uşaqların həlak olmasından dərin təəssüf hissi keçirdiklərini bildiriblər. İşğalçı Ermənistan ordusunun dinc əhalini hədəfə alması nəticəsində həlak olmuş körpələrin, dağıdılmış yaşayış məntəqələrinin görüntüsünü əks etdirən foto və videoçarxlardan ibarət xüsusi elektron slaydların yerləşdirildiyi yük maşınları Sidney və Brizben şəhərlərində dövrə vuraraq şəhər sakinlərinin diqqətini erməni vandalizminə cəlb etməyə çalışıb.

“Erməni işğalına son!”, “Azərbaycan ədalət tələb edir!”, “Biz terrora yox deyirik!”, “Qarabağ Azərbaycandır!”, “İşğalçı dövlətə dəstəyi dayandırın!” və s. şüarlar ilə yanaşı, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilmədiyi şəhər sakinlərinin diqqətinə çatdırılıb.

Qeyd edək ki, yük maşınları Sidneydə yaşayan ermənilərin etiraz aksiyası keçirdiyi gündə də şəhərin mərkəzi küçələrində dolaşıb, Ermənistan dövlətinin cinayətkar əməllərini yerli sakinlərin diqqətinə çatdırıb. Erməni icmasının nümayəndələri yük maşınlarının qarşısını kəsərək mane olmağa çalışsalar da, soydaşlarımız soyuqqanlı davranıb və heç bir insident qeydə alınmayıb.