Lüksemburqda etiraz aksiyası keçirilib

27.10.2020

Lüksemburqda yaşayan azərbaycanlılar şəhərin mərkəzində yerləşən Place d'Armes meydanında icazəli aksiya keçirib. Aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində işğalçı Ermənistan ordusunun vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını pisləyiblər.

Lüksemburqdakı azərbaycanlı icmasının təşəbbüsü ilə keçirilən aksiyada bildirilib ki, Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinin, Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam və digər rayonların ağır artilleriya atəşinə tutulması Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin davamıdır. Aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə və Ermənistanın törətdiyi vandalizm aktlarına biganə qalmamağa səsləyiblər.

Aksiyada Gəncə terrorunun qurbanlarını anmaq məqsədi ilə meydana rəmzi olaraq sahibsiz ayaqqabılar düzülüb, şəhər sakinlərinə Dağlıq Qarabağla bağlı buklet və lifletlər paylanıb. Müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Gəncə cəbhə bölgəsi deyil”, “Uşaq ölümünə son qoyun”, “Erməni terrorçuluğuna son qoyun!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndirilib.