İsveç Krallığında Gəncədəki terror aktlarına etiraz edilib

26.10.2020

İsveç Azərbaycanlıları Birliyinin təşkilatçılığı ilə Ermənistanın Gəncə şəhərində törətdiyi terror aktlarına etiraz əlaməti olaraq Stokholm şəhərinin əsas mərkəzi “T-Central”dan (Ahleans) başlayaraq səssiz yürüş keçirilib. Azərbaycan icmasının iştirakı ilə baş tutan yürüş zamanı aksiya iştirakçıları mülki əhaliyə qarşı törədilən cinayətləri pisləyərək, beynəlxalq ictimaiyyəti erməni vəhşiliyini qınamağa səsləyiblər. Aksiyada “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et”, “Biz terrora yox deyirik”, “Erməni təcavüzünə son qoyun!”, “Biz ədalət istəyirik!” kimi şüarlar diqqətə çatdırılıb.

Yürüş aksiyasından sonra Qarabağ məktəbində anım mərasimi təşkil edilib. Tədbirdə iştirak edənlər Ermənistanın Gəncə şəhərində törətdiyi terror aktları nəticəsində həlak olan mülki vətəndaşlarımızın əziz xatirəsini ehtiramla yad edib, erməni terrorunu lənətləyiblər.