Estoniyanın Tallin şəhərində yaşayan soydaşlarımız İRS-Azərbaycan Gənclər Təşkilatının təşəbbüsü ilə Azadlıq meydanında icazəli etiraz aksiyası keçirib.
Aksiyada işğalçı Ermənistan ordusunun Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərini dəfələrlə raket atəşinə tutmasının beynəlxalq humanitar hüquqa zidd olduğu bir daha vurğulanıb.
Aksiya iştirakçıları mülki şəxslərin Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə hədəfə alındığını, nəticədə günahsız insanların həlak olduğunu Estoniya ictimaiyyətinin diqqətinə çatdırıblar. Soydaşlarımız Ermənistanın təcavüzkar və terrorçu siyasətinə son qoyulması üçün Estoniya hökümətini, eləcə də Estoniya ictimaiyyətini erməni vəşhiliyinə biganə qalmamağa səsləyiblər.
Aksiya zamanı Gəncə terrorunun qurbanı olan şəxslərin xatirəsi yad edilib, həlak olmuş uşaqların şəkilləri önünə gül dəstələri və oyuncaqlar qoyulub.
Aksiyada eston və ingilis dillərində “Qarabağ Azərbaycandır!”, “Biz terrora yox deyirik!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Gəncə üçün dua et!”, “Azərbaycan ədalət tələb edir”, “Erməni yalanlarına son”, “Uşaq ölümünə yox deyirik”, “Ermənistan - BMT qətnamələrinə əməl et”, “Terrorizmin maliyyələşdirilməsinə son!”, “İşğalçı dövləti dəstəkləməyin” kimi şuarlar səsləndirilib.
“Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Niyazi Hacıyev Estoniya Dövlət Televiziyasına Qarabağ həqiqətləri və Gəncə terroru barədə müsahibə verib.