Ukraynanın Xarkov şəhərində "Azərbaycan və Ukraynada separatizmin yaranması səbəbləri və onun nəticələri" mövzusunda dəyirmi masa keçirilib. Xarkov vilayətində fəaliyyət göstərən "Svyax" ictimai təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən tədbir "Dostluq" Azərbaycan-Ukrayna Cəmiyyətinin ofisində baş tutub.
Dəyirmi masada "Dostluq" cəmiyyətinin sədri Murad Ömərov, idarə heyətinin üzvləri Etibar Əhmədov, Pənah Bəkirov, Fərid Əliyev, Bayram Vəliyev, "Svyax" təşkilatının həmsədrləri Qleb Dovqal və Aleksandr Krivoşienko çıxış ediblər.
Natiqlər Dağlıq Qarabağ münaqişəsinin tarixindən, Krımda, Donbasda baş verənlərdən danışıblar. Azərbaycan xalqının 27 ildir Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin dinc yolla azad olunmasını və milyona yaxın soydaşımızın doğma yurdlarına geri qayıtmasını gözlədiyi qeyd edilib. Rəsmi İrəvanın danışıqlardan boyun qaçırması və Azərbaycanın yeni ərazilərini işğal etmək iddiası ilə bütün cəbhə boyu ölkəmizə qarşı hücuma keçməsi pislənilib. Sentyabrın 27-dən başlayaraq Azərbaycan ordusunun əks-hücuma keçərək, ölkəmizin özünümüdafiə və ərazi bütövlüyünün bərpa olunması hüquqlarını həyata keçirdiyi bildirilib.
Dəyirmi masa iştirakçıları separatizmin dinc qonşuluq və sülh şəraitində yaşamağa əsas təhdid olduğunu qeyd ediblər.