Budapeşt şəhərində Gəncə terroruna etiraz aksiyası keçirilib

23.10.2020

Macarstanda yaşayan soydaşlarımız Ermənistanın hərbi təxribatına etiraz etmək və Azərbaycan həqiqətlərini Macarıstan ictimaiyyətinə çatdırmaq məqsədi ilə Budapeşt şəhərinin mərkəzində yerləşən “Szent İstvan Basilica” kilsəsinin qarşısında icazəli aksiya keçirib.

Macarıstan-Azərbaycan Gənclər Birliyinin və Budapeştdəki Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan aksiyada Azərbaycan diasporunun və türkdilli icmaların üzvləri, bu ölkədə təhsil alan gənclərimiz və yerli sakinlər iştirak ediblər. Əllərində Azərbaycanın, Türkiyənin və Macarıstanın dövlət bayraqlarını, eləcə də ingilis və macar dillərində yazılmış "Qarabağ Azərbaycandır!", “Erməni işğalına son qoyun!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Uşaq ölümünə son qoyun!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik!”, "Gəncə üçün dua et!" və s. kimi şuarlar tutan aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin törətdiyi vandalizm aktları nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların həlak olmasını, mülki obyektlərin dağıdılmasını insanlığa qarşı cinayət adlandırıblar.

Aksiyanın sonunda Gəncə terroru ilə bağlı qəbul edilən bəyanat oxunub, yerli sakinlərə erməni təcavüzünü əks etdirən broşürlar paylanılıb və media nümayəndələrinə erməni vandalizmi barədə məlumat verilib.