ABŞ-ın Pensilvaniya ştatında yaşayan azərbaycanlı icmasının təşəbbüsü ilə Prezident Donald Trampın qatıldığı mitinqdə ölkəmizin haqlı və ədalətli mövqeyini dəstəkləyən şüarlar qaldırılıb.
Pitsburq şəhərində yaşayan Tural Bağırzadə bildirib ki, ştatın Erie Beynəlxalq Hava Limanında ABŞ Prezidentinin seçkiqabağı kampaniyası çərçivəsində keçirilən mitinqdə azərbaycan əsilli amerikalılar da iştirak ediblər. Mitinq zamanı Azərbaycan və ABŞ bayraqlarını dalğalandıran soydaşlarımız diqqəti Dağlıq Qarabağ münaqişəsinə və hazırda Azərbaycan torpaqlarında aparılan müharibəyə cəlb edərək, Prezident Donald Trampı obyektiv mövqe nümayiş etdirməyə çağırıblar.
Həmvətənlərimiz "Qarabağ Azərbaycandır!", "Los-Anceles Ermənistan deyil, Amerikadır – Qarabağ Ermənistan deyil, Azərbaycandır!", "Azərbaycan icması Trampı dəstəkləyir!", "Ermənistanın Azərbaycanda mülki şəxsləri öldürməsinə son qoyulsun!" şüarlarını qaldırıblar.
Qeyd edək ki, bu mitinq haqqında yerli telekanallarda yayımlanan xəbərlərdə azərbaycanlıların tələblərinə də yer verilib.