Yaponiyanın Yokohama şəhərindəki klassik konsertdə Gəncə qurbanları yad edilib

21.10.2020

Xaricdə yaşayan hər bir soydaşımız tarixi və məsuliyyətli dönəmini yaşayan Azərbaycana bütün mümkün vasitələrlə dəstək olmağa, sülhpərvər xalqımızı dünyaya tanıtmağa çalışırlar.

Yaponiyada yaşayan və fəaliyyət göstərən pianoçu Gülnarə Səfərova Yokohama şəhərində təşkil olunmuş konsertin açılışından öncə tamaçaşılara yapon dilində Qarabağ həqiqətləri barədə məlumat verib. Azərbaycanın beynəlxalq qanunlara və prinsiplərə əsasən hərəkət etdiyi, ölkəmizin özünümüdafiə və ərazi bütövlüyü hüququnu həyata keçirdiyini, Ermənistanın işğalına və təcavüzünə son qoymağa çalışdığını vurğulayıb.

Azərbaycanlı ifaçı ilə bərabər yapon və rus musiqiçilərinin də iştirak etdikləri konsertdə ölkəmizin zəngin tarixə, mədəniyyətə, incəsənətə, multikultural və tolerant dəyərlərə malik olduğu, dünyaya Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Məhsəti Gəncəvi, Xurşud Banu Natavan, Üzeyir Hacıbəyli və digər dühaları bəxş etdiyinə diqqət cəlb edilib. Şairə Xurşudbanu Natəvanın, Azərbaycan klassik musiqinin banisi Üzeyir Hacibəyovun və tanınmış sənətkar Bülbülün əslən Şuşadan olduqları bildirilib. Erməni barbarların bu dahi şəxsiyyətlərin Şuşa şəhərindəki ev muzeylərini dağıtdıqları, onların abidələrini güllələdikləri nəzərə çatdırılıb.

Konsert zamanı Gülnarə Səfərova bəstəkar İsmayıl Hacıbəylınin əsərini ifa edərək, onu Qarabağda həlak olan şəhidlərin və erməni terroruna məruz qalan Gəncə qurbanlarının xatirəsinə ithaf edib.

Konsertdən sonra tamaşaçılara Ermənistan silahlı qüvvələrinin 11 oktyabr və 17 oktyabr tarixlərində Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən ikinci böyük şəhəri Gəncədəki mülki yaşayış binalarını raket atəşinə tutması nəticəsində 24 dünc sakinin öldürülməsi, 90 nəfər sakinin yaralanması barədə yazılı məlumat paylanıb.