Türkiyənin Ankara şəhərində Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə avtoyürüş keçirilib.
İşğalçı Ermənistan ordusunun Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərindəki mülki yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində dinc sakinlərin, o cümlədən uşaq və qadınların qətlə yetirilməsinə etiraz edən soydaşlarımız öncə Azərbaycanın Türkiyədəki səfirliyi önündə toplaşıblar. Dərnəyn rəhbəri Arzuman Azaflı, Ankara Universitetinin doktorantı Nərmin Mirzəyeva aksiya iştirakçıları qarşısında çıxış edərək, Ermənistanın 11 oktyabr və 17 oktyabr tarixlərində törətdiyi terror aktlarını hiddətlə pisləyiblər.
Sonra Azərbaycan və Türkiyənin bayraqlarına bürünən 100 avtomobilin hərəkət etdiyi karvan səfirliyinin qarşısından avtoyürüşə yollanıb. Karvan Çankaya Köşkü, Cumhurbaşkanlığı Külliyesi (Prezident Kompleksi) önündən keçməklə, Gölbaşında yürüşü başa çatdırıb. Aksiya boyu “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan terrorçu dövlətdir!”, “Azərbaycan ədalət tələb edir!”, “Mülki insanlar toxunulmazdır!” “İşğal beynəlxalq sülhə təhlükədir!”, “Uşaq ölümünə son qoyun!” kimi şüarlar nümayş etdirilib və münaqişənin nizamlanmasında dünya birliyinə ədalətli mövqe nümayiş etdirməyə çağırış edilib. Aksiya şəhidlərin ruhuna Qurani-Kərim oxunması, Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsilə yekunlaşıb.
Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən qədim Gəncə şəhərini raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyektlərə və şəhərə ciddi və külli miqdarda ziyan dəyib. Hər iki terror aktı nəticəsində 24 nəfər həlak olub, 90 dinc sakin ağır yaralanıb.