Londondakı Azərbaycan diasporu Gəncə terroruna etiraz edir

18.10.2020

Böyük Britaniyadakı Azərbaycan diasporunun üzvləri London şəhərində 18 oktyabr Azərbaycanın Müstəqillik günü münasibətilə avto-yürüş keçirib. Yürüş iştirakçıları işğalçı Ermənistan ordusunun cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin yenidən raket atəşinə tutulması nəticəsində mülki şəxslərin, ö cümlədən qadınların və azyaşlı uşaqların həlak olmasına, mülki obyektlərin dağıdılmasına etirazlarını da ifadə ediblər.

Üzərində üçrəngli Azərbaycan bayrağı olan avtomobillərdə hərəkət edən avto-yürüş iştirakçıları ictimaiyyətin diqqətini cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonların, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinin mülki əhalisinin ağır artilleriyadan atəşə tutmasına yönəldiblər. 50 avtomobildən ibarət olan avto-yürüş Londondakı Trent Park yaxınlığından start götürüb, Standon adlanan ərazidə başa çatıb.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib, terror aktları nəticəsində 24 nəfər həlak olub, 90 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.